Description:
Xalq şairi Səməd Vurğun yalnız dili, ifadə tərzi, üslubu etibarilə deyil, düşüncəsi, təfəkkürü etibarilə də məhz Azərbaycan şairidir. Vurğun yaradıcılığının tarixi əhəmiyyəti özünü bir də onda göstərir ki, XX əsrin ortalarından başlayaraq Azərbaycan poeziyasında böyük bir məktəb - Səməd Vurğun məktəbi formalaşıb inkişaf edir.
Seçilmiş əsərlərinin III cildinə ölməz şairin poemaları, o cümlədən Vurğun istedadının, poetik təfəkkürünün əsl miqyasını və möhtəşəmliyini göstərən "Komsomol" poeması, "Bəsti", "Bakının dastanı", "Muğan", "Aygün" kimi şah əsərləri daxil edilmişdir.
Təbiətin bütün ömür boyu şeir demək istedadı qismət elədiyi Səməd Vurğunun poetik nəfəsi o dərəcədə nəhayətsizdir ki, hər poema qurtaranda onun bitdiyinə inanmaq olmur. Çünki bu əsərlərdən hər birinin qurtardığı yerdə poetik nəfəs daha çox açılır. Təb və genişlik hüdud bilmir, sərhəd tanımır. Sözün həqiqətini almaq üçün min cürdən birini yazdığındandır ki, yazanda yaşayan Vurğunun bitib-tükənməz ilhamdan yaranan sözləri bu qədər işıqlıdır.