Description:
XX əsrin əvvəlində nəşr etdirdiyi şeir, hekayə və pyesləri, ədəbi-publisist yazıları, müntəxəbat və dərslikləri bir yazıçı və pedaqoq kimi, romantik çalarla aşılanmış maarifçi-realist ədəbi hərəkatın görkəmli xadimi kimi Abdulla Şaiqə geniş şöhrət qazandırmışdır. Ədib həm yaradıcılığı, həm də müəllimlik fəaliyyəti ilə Azərbaycan ədəbi dilinin büllurlaşmasına hərtərəfli xidmət etmişdir. Şaiqin mənsur dili XX əsr Azərbaycan nəsrinin, bu nəsrin bugünkü ifadə mükəmməlliyinə ən yaxın olan bədii ifadə və üslub nümunələrindən biridir. Yaradıcılığının çoxşaxəliliyi onun əsərlərinin məzmun və ideya-bədii keyfiyyətlərinə öz müsbət təsirini göstərmiş, bu əsərlərə ümumxalq məhəbbəti qazandırmışdır. Ədibin “Seçilmiş əsərləri”nin üçcildliyinin I cildinə lirik hekayəçiliyimizin və iri formalı milli nəsrin klassik örnəkləri sayılan hekayələri, povesti və romanları daxil edilmişdir.