Description:
Müstəqil, demokratik, çoxpartiyalı cəmiyyətin mövcud olduğu bir
zamanda totalitar sovet rejimində baş vermiş siyasi proseslərin əsil mahiyyətini
açıqlamaq, xüsusən də dövlət rəhbərliyindəki daxili ixtilaflardan, siyasi
çəkişmələrdən bəhs etmək asan olduğu qədər də məsuliyyətli, ciddi tədqiqat
mövzusu hesab edilə bilər. İdeoloji diqtədən uzaq, obyektiv tədqiqat imkanı olduğu
bir şəraitdə 1920-1925-ci illərin ab-havasını, dövlət idarəçiliyi mexanizminin
özünəməxsus xüsusiyyətlərini bilmək, siyasi müstəvidə şəxsi keyfiyyətlərdən
doğan, müstəqil xarakter daşıyan mübarizənin təhlilini vermək xeyli zəhmət tələb
edən vəzifədir.
R.M.Bayramovanın «Azərbaycan rəhbərliyində ixtilaflar və daxili siyasi
çəkişmələr (1920-1925-ci illər)» monoqrafiyası bu problemə həsr olunmuş mühüm
əhəmiyyətə malik ilk əsərdir. Monoqrafiya həm mütəxəssislər, həm də geniş oxucu
auditoriyası üçün nəzərdə tutulmuşdur.