Description:
Bədii ədəbiyyatda qroteskin istifadə edilməsi əsrlər öncəsindən aktuallaşmış və bu bədii texnika Avropa ədəbiyyatının bir çox görkəmli nümayəndələri tərəfindən məharətlə istifadə olunmuşdur. Qrotesklə yanaşı yumorun ən kəskin növlərindən biri olan və hətta bəzən qrotesk xüsusiyyətləri özünə müncər edən qara yumor texnikasının da istifadəsi Avropa ədəbiyyatında, xüsusilə də İngilis ədəbiyyatında geniş yayılmışdır. Həm Renessans, həm də Maarifçilik dövrlərində yazıçılar mövcud cəmiyyətin istər siyasi, istər dini, istərsə də sosial problemlərini və mənəvi çatışmazlıqlarını qrotesk şəklində ifadə edərək oxucuların diqqətinə çatdırmışlar.