dc.description |
XX yüzil bədii fikrimizin mərdlik və əyilməzlik simvoluna çevrilən şəxsiyyəti, böyük mütəfəkkir Hüseyn Cavidin nəsillərə örnək olacaq zəngin və bənzərsiz yaradıcılıq irsi zaman keçdikcə daha çox aktuallıq kəsb etməkdədir.
Şair və ədiblərimiz içərisində ən müstəsna, ən zərif və narın bir dillə yazan Cavid yaradıcılığa poeziya ilə başlasa da, Azərbaycan ədəbiyyatı tarixində daha çox dramaturq kimi şöhrət tapmış, dramatik janrın bir çox təkrarsız nümunələrini yaratmışdır. Cavidin get-gedə dramatik növün ağırlığı ilə müşayiət olunan ədəbi fəaliyyətində fəlsəfi ruhun hakim kəsildiyi poeziyasından gələn çalarların aparıcı olduğu aşkar duyulmaqdadır; onun dram əsərlərinin mühüm bir qisminin mənzum forma daşıması bununla şərtlənir.
Ədibin “Əsərləri”nin II cildinə “Ana”, “Maral” və “Şeyda” pyesləri ilə yanaşı, Azərbaycan
ədəbiyyatının ilk mənzum dramlarından “Şeyx Sənan”, “Uçurum” faciələri daxil edilmişdir.
Böyük sənətkarın öz əsərlərinin sonunda etdiyi “İmlasına toxunmamalı!” qeydinə əməl
olunmuş, mətnlərin dil və üslubunun qorunulmasına çalışılmışdır. |
en_US |